Təlimat

ÜMUMİ MƏLUMAT

Bilet alışını uğurla həyata keçirmək, həmçinin şəxsi kabinetdən effektiv istifadə etmək üçün bu qaydaları sonuna qədər oxumağınızı tövsiyyə edirik!


“Azərbaycan Dəmir Yolları” QSC öz müştərilərinə plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə Onlayn rejimində ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərin) alınması üçün elektron xidmətlər təklif edir.

Bu istifadə qaydasında işlədilən terminlər aşağıdakılardır:

- Gediş tarixi : Qatarın marşrut üzrə başlanğıc stansiyadan hərəkətə başladığı tarixdir.

- Minik tarixi : Sərnişinin gediş stansiyasından qatara minəcəyi tarixdir.

- Minik vaxtı : Sərnişinin gediş stansiyasından qatara minəcəyi vaxtdır (yerli vaxtla göstərilir).

- Çatma tarixi : Sərnişinin təyinat stansiyasına çatma tarixidir.

- Çatma vaxtı : Sərnişinin təyinat stansiyasına çatma vaxtıdır (yerli vaxtla göstərilir).

- İstifadəçi : Onlayn rejimdə bilet almaq istəyən müştəridir.

Müştərilər istər qeydiyyatdan keçərək, istər də qeydiyyatsız olaraq bilet sifarişi edə bilərlər. Qeydiyyatdan keçmiş müştərilər digərlərindən fərqli olaraq şəxsi kabinetə malik olacaq və aşağıdakı üstünlüklərdən yararlana biləcəklər:

- Şəxsi kabinetdə istənilən sayda sərnişin profili düzəldərək bilet alışı vaxtı sərnişin məlumatları olaraq bu profildən istifadə edə biləcək. Bu da istifadəçiyə sərnişin məlumatlarını daha tez daxil etməklə qısa vaxta bilet almasına imkan verəcək;

- Daha əvvəl aldığı bütün biletlər barədə məlumatları görə biləcək;

- Onlayn olaraq alınmış və çap edilməmiş biletləri heç bir kassaya yaxınlaşmadan şəxsi kabinetdən geri qaytara biləcək.

Veb-saytın köməyi ilə Siz istər ölkə daxilində, istərsə də ölkədən kənara hərəkət edən sərnişin qatarlarının hərəkəti istiqamətində marşurut üzrə istənilən təyinat məntəqəsinə gediş üçün yer sifariş edə bilərsiniz.

İnternet vasitəsi ilə aparılan sifarişlər fasiləsiz olmaqla bərabər bu sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.

İnternet vasitəsi ilə bilet sifarişi qatarın minik stansiyasından yola düşməsinə 3 saat qalmışadək aparılır.

Onlayn bilet satışı sistemində aşağıda qeyd olunan əməliyyatlar aparılmır :(Bu əməliyyatlar üçün sərnşinlərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet kassalarına müraciət etmələri xahiş olunur.)

- güzəştli tariflərlə bilet sifarişi;

- şəhərətrafı istiqamətdə hərəkət edən elektrik qatarlarına bilet sifarişi.

- xırda ev heyvanlarının və baqajın daşımalarının sənədləşdirilməsi.

İnternet vasitəsi ilə bir istiqamətdə maksimum bir istiqamətə 4 yer, gediş-qayıdış olduqda 8 yer sifariş oluna bilər.

İnternet vasitəsi ilə sifariş verilmiş və gediş haqqı plastik kartla ödənilmiş biletlər qatarın minik stansiyasından yola düşməsinə 1 (bir) saat qalmışadək şəxsiyyəti təsdiq edən sənəd (bilet sifarişində qeyd olunan) təqdim edilməklə “Azərbaycan Dəmir Yolları” QSC-nin bilet kassalarından əldə olunması tövsiyə olunur. Təqdim olunmuş sənəd(lər)dəki məlumatlar kassir tərəfindən yoxlanıldıqdan sonra bilet çap olunaraq sərnişinə verilir. Anlaşılmamazlıq yaranmaması üçün vaxtında bilet kassasına müraciət etməyiniz xahiş olunur. İnternet vasitəsi ilə sifariş olunmuş yerlərin başqasının adına dəyişdirilməsi hallarına yol verilmir. Yadda saxlamaq lazımdır ki, sərnişinin qatara minməsinə yalnız öz adına sənədləşdirilmiş biletlə icazə verilir.Bileti və şəxsiyyətini təsdiq edən sənədi vaqon bələdçisinə təqdim etdikdən sonra sərnişinin qatara minməsinə icazə verilir.

İstifadə olunmayan biletlərin qaytarılması

Qeydiyyatdan keçməmiş istifadəçilər onlayn qaydada sifariş etdikləri bileti yalnız kassadan geri qaytara bilərlər. Həmçinin qeydiyyatlı və qeydiyyatsız olmasından asılı olmayaraq onlayn qaydada alınmış bilet çap edilmiş olarsa yenə də ancaq kassadan geri qaytarıla bilər. Yalnız qeydiyyatdan keçmiş istifadəçilər onlayn olaraq aldıqları bileti çap etdirmədikləri halda şəxsi kabinetdən geri qaytara bilərlər. Bütün hallarda biletlərin geri qaytarılması “Geri qaytarma qaydaları”na uyğun olaraq həyata keçirilir. Müştəriyə geri qaytarılacaq məbləğ beynəlxalq qaydalara müvafiq olaraq geri qaytarılmanın sənədləşməsi aparıldığı vaxtdan 7-30 təqvim günü ərzində alış vaxtı ödəniş olunmuş bank hesabına köçürülür.Qeydiyyatdan keçməmiş istifadəçilər onlayn qaydada sifariş etdikləri bileti yalnız kassadan geri qaytara bilərlər. Həmçinin qeydiyyatlı və qeydiyyatsız olmasından asılı olmayaraq onlayn qaydada alınmış bilet çap edilmiş olarsa yenə də ancaq kassadan geri qaytarıla bilər. Yalnız qeydiyyatdan keçmiş istifadəçilər onlayn olaraq aldıqları bileti çap etdirmədikləri halda şəxsi kabinetdən geri qaytara bilərlər. Bütün hallarda biletlərin geri qaytarılması “Geri qaytarma qaydaları”na uyğun olaraq həyata keçirilir. Müştəriyə geri qaytarılacaq məbləğ beynəlxalq qaydalara müvafiq olaraq geri qaytarılmanın sənədləşməsi aparıldığı vaxtdan 7-30 təqvim günü ərzində alış vaxtı ödəniş olunmuş bank hesabına köçürülür.



Onlayn qaydada bileti satışı aşağıdakı mərhələlərdən ibarətdir:

- İlkin sorğu;

- Qatar və vaqon tipinin seçilməsi;

- Sərnişin məlumatlarının daxil edilməsi;

- Yer seçimi;

- Ödəniş;

- Son.


İLKİN SORĞU





Bu mərhələdə mütləq ilkin sorğu forması üzərində olan aşağıdakı sahələr üzrə seçimlər edilməlidir:

- Haradan (gediş stansiyası);

- Haraya (təyinat stansiyası);

- İstiqamət (bir istiqamət və ya gediş qayıdış);

- Gediş tarixi (gediş-qayıdış seçildikdə həmçinin qayıdış tarixi);

- Sərnişin sayları (böyüklər, uşaqlar, körpələr);

- Qaydalarla ilə razılaşma.



Onlayn vasitəsi ilə bilet alışını həyata keçirmək üçün ilk öncə Haradan (gediş) və Haraya (təyinat) stansiyaları seçilir;


Bu zaman stansiya adını tam olaraq və ya bir neçə hərfini yazmaqla lazım olan stansiyanı daha tez tapmaq olar.


Stansiya adlarının arasındakı “əks istiqamətli oxlar” işarəsi ilə qeyd olunmuş düyməni basmaqla seçilmiş gediş və təyinat stansiyalarının yer dəyişməsini etmək olar;


İstiqamət olaraq “Bir istiqamət” (qeyd olunmuş istiqamət üzrə yalnız gediş istiqamətində mövcud olan seçimlər təqdim olunacaq) və yaxud “Gediş-qayıdış” (qeyd olunmuş stansiyalar üzrə gediş və qayıdış istiqamətlərində mövcud olan seçimlər təqdim olunacaq) seçilə bilər;

İstiqamət olaraq “Bir istiqamət” seçilərsə yalnız “Gediş tarixi”-nin, “Gediş-qayıdış” seçilərsə əlavə olaraq “Qayıdış Tarixi”-nin də seçilməsi zəruridir.


Gediş tarixi və Qayıdış tarixi bölmələrində açılan təqvimdən qatarın başlanğıc stansiyadan yola düşmə tarixi (gün) seçilir;

Sərnişinlərin sayı təqdim olununmuş yaş qruplarına uyğun bölmələrdə qeyd olunur. Burada edilməsi mümkün olan seçimlər barədə ətraflı məlumat üçün “Sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması qaydaları” ilə tanış ola bilərsiniz;



İnternet vasitəsi ilə sifarişlərin qəbulu prosedurlarını yerinə yetirərkən anlaşılmamazlıqların yaranmaması üçün sifarişlərin sənədləşdirilməsi və biletlərin alınması Qaydaları ilə mütləq qaydada tanış olmağınız vacibdir. Alışı davam etdirə bilmək üçün “QAYDALAR ilə razıyam” seçim qutusu mütləq işarələnməlidir.

Seçimlər tamamlandıqdan sonra Bilet axtar düyməsi basılır.


QATAR VƏ VAQON TİPİ





Bu mərhələdə İLKİN SORĞU mərhələsində edilən seçimlərə uyğun olaraq hər bir gediş tarixində mövcud olan aşağıdakı məlumatlar istifadəçiyə təqdim olunur:

- qatar haqqında məlumatlar (qatarın nömrəsi, marşrutu);

- qatardakı vaqon tipləri üzrə boş yerlərin ümumi sayı;

- qatardakı vaqonların (boş yeri olan) hər biri üzrə boş yerlərin sayı;

- daxil edilmiş sərnişin sayına uyğun biletin maksimum qiymətinin (Yerli istiqamətdə hərəkət edən qatarların plaskart və kupe vaqonlarında yuxarı yerlər seçildikdə bu qiymət azala bilər) cəmi məbləği;

- minik vaxtı;

- çatma vaxtı.


Əgər sorğu nəticəsində tapılan qatarda olan boş yerlərin ümumi sayı müştərinin İLKİN SORĞU mərhələsində seçdiyi böyük və uşaq sərnişinlərin sayının cəmindən az olarsa onda həmin qatar müştəriyə təqdim olunmur. Həmçinin, əgər sorğu nəticəsində tapılan qatardakı vaqon hər hansı tipi üzrə boş yerlərin ümumi sayı müştərinin İLKİN SORĞU mərhələsində müştərinin seçdiyi böyük və uşaq sərnişinlərin sayının cəmindən az olarsa onda həmin vaqon tipi müştəriyə təqdim olunmur.

Bu mərhələ ilk təqdim olunduqda gediş tarixi (əgər İLKİN SORĞU mərhələsində istiqamət olaraq “Gediş-qayıdış” seçərsə, həmçinin qayıdış tarixi) olaraq müştərinin İLKİN SORĞU mərhələsində daxil etdiyi tarix(lər) seçilmiş olur.

Başqa gediş (qayıdış) tarixi seçildikdə digər məlumatlar həmin tarixə uyğun olaraq yenilənir.

Gediş üçün təqdim olunan qatar və vaqon tiplərindən biri seçilir.

Həmçinin, əgər İLKİN SORĞU mərhələsində istiqamət olaraq “Gediş-qayıdış” seçilibsə, qayıdış üçün də təqdim olunan qatar və vaqon tiplərindən biri seçilir.

Seçimin daha dəqiq olması üçün vaqon tipinin altında yerləşən siyahıdakı vaqonlarda olan yerlərin cari statusuna vaqon siyahısının sol tərəfində olan “göz” işarəsi olan düyməni sıxmaqla baxmaq olar.


Növbəti mərhələyə keçid almaq üçün “İRƏLİ” və yaxud geriyə qayıtmaq üçün uyğun olaraq “GERİ” düyməsini sıxmaq lazımdır.


SƏRNİŞİN MƏLUMATLARININ DAXİL EDİLMƏSİ





Bu mərhələdə İLKİN SORĞU mərhələsində daxil edilmiş sərnişin sayılarına müvafiq olaraq açılan sərnişin məlumatlarının daxiletmə formasının köməyi ilə bilet alınacaq sərnişinlərin məlumatları daxil olunur. Böyük və uşaq sərnişinlərin məlumat daxiletmə formasınının üst tərəfində “BÖYÜK” və “UŞAQ” sözləri və bu sözlərdən sonra mötərizə içərisində “SƏRNİŞİN” sözü və şərti olaraq sərnişinlərin 1-dən başlamaqla nömrəsi yazılır. Sərnişin məlumatları daxil olunarkən onları böyük və uşaq olanları müvafiq daxiletmə formalarına doldurulması zəruridir.


Sərnişin məlumatları doldurarkən diqqətli olmaq vacibdir;

Daxil edilən məlumatların doğruluğuna görə müştərinin özü cavabdehdir;

Məlumatlar şəxsiyyəti təsdiq edən sənədə uyğun qeyd olunmalıdır;

Sərnişinin ad və soyadı yerli istiqamətdə hərəkət edən qatarlara bilet alarkən Azərbaycan dilində, beynəlxalq istiqamətdə hərəkət edən qatarlara bilet alarkən isə ingilis dilində pasportda göstərilən formada yazılmalıdır;

Körpə məlumatlarını “Körpəni əlavə et” düyməsini basdıqda açılan pəncərədə daxil etmək mümkündür. Körpənin qeydiyyatı həmin sərnişin üzərində aparılır;

Doğum tarixini daxil edilərkən ilk öncə il daha sonra ay və gün seçilməlidir;

Şəxsi kabiletinə daxil olmuş qeydiyyatlı istifadəçilər sərnişin məlumatlarını daxil etmək üçün əvvəlcədən şəxsi kabinetində daxil etdiyi sərnişin profillərindən də istifadə edə bilərlər. Bunun üçün məlumat daxiletmə formasının yuxarısında olan “BÖYÜK (SƏRNİŞİN X)” yazısının üzərinə basdıqda açılan siyahıdan hər hansı bir sərnişini seçmək kifayətdir. Profil siyahısındakı sərnişinlər həmin formanın yaş qrupu kateqoriyasına (böyük, uşaq, körpə) uyğun olaraq gətirilir;

Profil siyahısından hər hansı sərnişin seçildikdən sonra onun məlumatlarında edilən redaktəni formanın yuxarısında olan “Yadda saxla” düyməsini sıxmaqla yadda saxlamaq da olar;

Həmçinin şəxsi kabinetə daxil olmuş istifadəçilər sərnişin məlumatlarını daxil etdikdən sonra formanın yuxarısında olan “Yadda saxla” düyməsini sıxmaqla bu məlumatları şəxsi kabinetdə sərnişin profili olaraq da yadda saxlaya bilər;

Sərnişin məlumatlarının daxil edilməsi mərhələsi tamamlandıqdan sonra “İrəli” düyməsini sıxmaqla YER SEÇİMİ mərhələsinə keçmək olar.


YER SEÇİMİ





Bu mərhələdə İLKİN SORĞU mərhələsində daxil edilmiş sayılara və SƏRNİŞİN MƏLUMATLARININ DAXİL EDİLMƏSİ mərhələsində də məlumatları daxil edilmiş böyük və uşaq sərnişinlər üçün yer seçilir;

Bu mərhələdə seçilmiş yerlər ÖDƏNİŞ mərhələsinə keçənə qədər müştəri üçün rezerv olunaraq sorğuya salınmır. Ona görə də bu mərhələni mümkün qədər tez vaxta tamamlayıb ÖDƏNİŞ mərhələsinə keçməyiniz məsləhət görülür. Çünki seçdiyiniz yer(lər)i Sizinlə eyni vaxta başqa müştəri də seçib və Sizdən əvvəl ÖDƏNİŞ mərhələsinə keçərsə, Siz ÖDƏNİŞ səhifəsinə keçdikdə seçdiyiniz yerlərin artıq başqası tərfindən seçildiyi barədə xəbərdarlıq alıb, təkrar bu mərhələyə qaytarılacaqsınız;

İLKİN SORĞU mərhələsində edilmiş istiqamət seçimindən asılı olaraq yalnız gediş və ya həm gediş, həm də qayıdış istiqaməti üçün bütün böyük və uşaq sərnişinlərə yer seçilməsi zəruridir;

Vaqon nömrələri olaraq müştərinin QATAR və VAQON TİPİNİN SEÇİLMƏSİ mərhələsində seçdiyi vaqon tipindəki bütün vaqonlar müştəriyə təqdim olunur. Hər bir vaqonu seçdikdə həmin vaqonda olan yerlərin vizual forması müştəriyə təqdim olunur;

Vizual formada seçilə bilən boş yerlər yaşıl rəngdə göstərilir;

Seçəcəyiniz yerin üzərinə basdıqda yer təhkim olunmamış böyük və uşaq sərnişinlərin adları olan siyahıdan sərnişinin adını seçərək yeri həmin sərnişinə təhkim etmək lazımdır;

Yer təhkim olunduqda həmin yerin rəngi yaşıl rəngdən göy rəngə dəyişir və həmin sərnişin adı növbəti yer seçimin də təqdim olunan böyük və uşaq sərnişinlərin adlarından ibarət olan siyahıdan çıxarılır;

Kompüterdən bilet alarkən siçanın işarənini seçilmiş yerin üzərinə gətirdikdə həmin yerin kimə təhkim olunduğu göstərilir; (Mobil qurğularda siçanın işarəsi olmadığı üçün bunu görmək mümkün deyil)

Bir neçə sərnişinə yer seçərkən yerləri müxtəlif vaqonlardan da seçmək mümkündür;

Yer təhkim olunmuş sərnişinə başqa yer seçmək üçün əvvəlcə seçilmiş yeri azad etmək daha sonra yeni yeri seçmək lazımdır;

Əvvəlcə seçilmiş yeri azad etmək üçün həmin yerin üzərinə basmaq kifayətdir;

YER SEÇİMİ mərhələsi tamamlandıqdan sonra “İrəli” düyməsi sıxılmalıdır.


ÖDƏNİŞ





Bu mərhələdən etibarən istifadəçilərin qeydiyyatdan keçməsinə və şəxsi kabinetə girişinə icazə verilmir.

Bu mərhələdən etibarən satışı tamamlamaq üçün 3 (üç) dəqiqə vaxt limiti verilir. Satışı sonlandırmaq üçün ayrılmış vaxt limiti bitdikdən sonra sistem müştərini YER SEÇİMİ mərhələsinə geri qaytarır;

Ödəniş prosesinə, ödəniş sistemlərindən birini seçməklə davam etmək lazımdır;



Seçilən ödəniş sisteminin təqdim etdiyi kart məlumatlarını daxiletmə formasında kart məlumatlarını yazaraq “Ödə” və yaxud “Approve” düyməsinə basaraq ödənişə davam etmək lazımdır.

Kart məlumatları daxil edildikdən sonra ödəniş sistemindən xəta baş verməsi haqqında məlumat alınarsa, əgər müştəriyə ayrılan 3 dəqiqəlik vaxt limiti bitmiş olarsa müştəri yenidən YER SEÇİMİ mərhələsinə geri qaytarılır, əgər müştəriyə ayrılan 3 dəqiqəlik vaxt limiti bitməmiş olarsa bu zaman müştəri təkrar ödəniş edə və ya digər ödəniş sistemini seçərək davam edə bilər.

Həmçinin hər hansı texniki səbəblərə görə ödəniş sistemi müştərinin hesabından pulu çıxmasına baxmayaq satış tamamlana bilməzsə müştəri yenidən YER SEÇİMİ mərhələrinə qaytarılır, müvafiq yoxlamlardan sonra isə müştərinin hesabından alınmış pul geri qaytarılır.

Müştəri bu mərhələdə etibarən artıq “Geri” düyməsindən istifadə etməklə əvvəlki səhifəyə qayıda bilmir. Bunun əvəzinə bu mərhələdə istənilən vaxt “Satışı sonlandır” düyməsinə basaraq ödəniş etmədən bilet alış prosesini yekunlaşdıra bilər.


SON



Bu mərhələdə alınan bilet məlumatlarını elektron poçt ünvanına göndərmək, çap etmək və yaxud yadda saxlamaq mümkündür.

Əgər bir dəfəyə bir neçə sərnişinə bilet alınarsa bu biletlərin hər birini ayrı elektron poçt ünvanına göndərməklə yanaşı bütün malumatları bir elektron poçt ünvanına da göndərmək mümkündür.

Şəxsi kabinetə daxil olmuş istifadəçilər bu mərhələyə çatdıqda buradakı imkanlardan istifadə etməsələr də, bütün bilet məlumatları avtomatik olaraq onların qeydiyyat vaxtı daxil etdikləri elektron poçt ünvanına göndərilir.

Əməliyyatları bitirdikdən sonra “Yeni Bilet Alışına Keç” düyməsinə basaraq təkrar bilet satışına keçmək mümkündür.


QEYDİYYAT


  • Online satış sistemi vasitəsi ilə qeydiyyatlı və qeydiyyatsız satış etmək mümkündür;
  • Qeydiyyatsız satış edərkən satış məlumatları yadda saxlanılmır. Lakin, qeydiyyatlı istifadəçilər sistemə Giriş etdikdən sonra edilən hər bir satış məlumatları şəxsi kabinetdə qeyd olunur;
  • Qeydiyyat və şəxsi kabinetə Giriş düymələri səhifənin yuxarı sağ tərəfində yerləşir;
  • Qeydiyyatdan keçərək şəxsi kabinetə Giriş etmək mümkündür;
  • Qeydiyyatdan keçmək üçün Qeydiyyat düyməsi basılır və daha sonra qeydiyyat pəncərəsində tələb olunan bölmələr doldurulur;
  • Qeydiyyatdan keçdikdən sonra qeyd olunan email ünvanına təsdiq məktubu göndərilir. Email-ə daxil olaraq, həmin məktubdakı link-ə daxil olaraq qeydiyyatı təsdiqləmək lazımdır;
  • İstənilən mərhələdə Qeydiyyatdan keçmək və Şəxsi kabinetə Giriş etmək mümkündür.

ŞƏXSİ KABİNET


Əsas menyudan sistemə Giriş etdikdən sonra Şəxsi Kabinet düyməsinə basaraq Şəxsi Kabinetə giriş etmək mümkündür;

Şəxsi Kabinetdə İstifadəçi məlumatları, Profillər, Biletlərim və Şifrə dəyişdirmə bölmələri mövcuddur;

  • İstifadəçi məlumatları bölməsində Qeydiyyatdan keçərkən daxil edilən məlumatlar əks olunur;
    • İstifadəçi məlumatlarını dəyişdirmək mümkündür;
    • Hər hansı bir dəyişiklik etdikdən sonra Yadda saxla düyməsi basılır və daxil olma şifrəsini qeyd edərək dəyişikliklər Təsdiq olunur;
  • Profillər bölməsində bilet alışında profillərdən seçərək avtomatik doldurulmasını istədiyiniz sərnişin məlumatlarını saxlaya bilərsiniz
    • Profil üzərində dəyişiklik etmək üçün hər profilin sağında 3 (üç) nöqtə işarəsi basılır və daha sonra Redaktə et və ya Sil düymələrindən biri seçilərək müvafiq əməliyyat həyata keçirilir;
    • Redaktə et bölməsində profildəki sərnişin məlumatları üzərində istənilən dəyişikliklər edilir və sonda Təsdiq et düyməsi basılır;
    • Yeni profil əlavə etmək üçün Yeni Profil Əlavə Et düyməsi basılır, pəncərəyə yeni profil üçün sərnişin məlumatları daxil edilir və Əlavə Et düyməsi basılaraq əlavə edilir;
    • Əlavə olaraq bilet alışını həyata keçirərkən sərnişin məlumatları bölməsində məlumatları Yadda saxla işarəsini basaraq yeni profil əlavə etmək mümkündür. Bunun üçün öncə sistemə giriş etmək vacibdir.
  • Biletlərim bölməsində alınan biletlərin məlumatları qeyd olunur.
    • Bilet məlumatların üzərinə basaraq alınan biletin ətraflı məlumatlarına baxış etmək mümkündür;

    • Çap işarəsi basılaraq bilet məlumatlarının çapı həyata keçirilir.

  • Şifrə dəyişdirmə bölməsində şifrənin dəyişdirilməsi həyata keçirilir.
    • Öncə mövcud olan şifrə qeyd olunur, daha sonra yeni şifrə qeyd olunur və yeni şifrənin təkrarı qeyd olunduqdan sonra Yadda saxla düyməsi basılaraq köhnə şifrənin yeni şifrə ilə əvəz olunması həyata keçirilir.