Birinci sinif rahatlığı ilə səyahət

Azərbaycan Dəmir Yollarında birinci sinif ilə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ Dəmiryol Vağzallarının VİP zallarından istifadə edəcəklər.

Stansiya və vağzalların ərazisində istiqamətverici, zalların girişində isə VİP ZAL əks olunmuş lövhələr mövcuddur.

Sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda dəmiryol vağzalına çatmasından sonra 1 saat müddətində VİP zaldan istifadə edə bilərlər.

VİP zalın girişində ADY-nin əməkdaşı tərəfindən gediş sənədinin (biletin) etibarlılığı və şəxsiyyəti təsdiq edən sənədlə uyğunluğu yoxlanılır.

Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir.

VİP zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir:

  • Limitsiz su, çay, kofe;
  • Şəhərdaxili telefon və internetə çıxış (WİFİ-dan istifadə);
  • Rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası;
  • Şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça)
  • Sərnişinin səfərin sonunda qarşılanması

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VİP zala kimi müşayiət edir.

Diqqət! VİP zalda siqaret çəkmək, spirtli içki qəbul etmək qadağandır.

Ödənişsiz yemək xidməti

Qatarlarda keytrinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatları təqdim edilən şirkət tərəfindən xidmət həyata keçirilir.

Sərnişinlərə qatarda səfər zamanı veriləcək qidaların çeşidləri aşağıdakı kimidir:

  • qəlyanaltı;
  • səhər yeməyi;
  • sendviç;
  • meyvə şirəsi;
  • çörək məmulatları;
  • şəkər daxil olmaqla isti içki (çay, kofe) və su.

Təqdim edilən qidaların qablaşdırılması üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir.

Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə çay, kofe, su və qidanın paylanması həyata keçirilir. Sərnişinlərə çay, kofe, suyun verilməsi limitsiz və ödənişsizdir.

Sərnişinə səfərboyu bir dəfə ödənişsiz, növbəti dəfə isə ödəniş etməklə menyudan istənilən məhsulu ala bilmə imkanı yaradılır.

Sərnişinlərə xoş səyahət arzu edirik!