Uşaqlarla səyahət

Uşaqların gediş sənədlərinin rəsmiləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

  • Sərnişinin 5 yaşadək bir uşağı (əgər o, ayrıca yer tutmursa) özü ilə pulsuz aparmaq hüququ var. Bu halda uşaqların gedişi üçün pulsuz gediş sənədi (bilet) rəsmiləşdirilir. Qeyd: Biletin ödənişsiz təqdim olunmasına baxmayaraq uşağa mütləq şəkildə bilet əldə edilməlidir. 
  • 5 yaşa qədər uşaq ayrıca yer tutarsa, ona uşaq tarifi üzrə gediş sənədi (bileti) rəsmiləşdirilir;
  • Sərnişinlə səfər edən bir uşaqdan artıq 5 yaşa qədər digər uşaqların hər birinə uşaq tarifi ilə gediş sənədləri (biletlər) rəsmiləşdirilir;
  • 5 yaşdan 10 yaşadək uşaqlara gediş sənədləri (biletləri) uşaq tarifi ilə rəsmiləşdirilir;
  • 10 yaşdan böyük uşaqlara tam tarif ilə gediş sənədləri (biletlər) alınır.


Uşaqların daşınması aşağıdakı qaydada həyata keçirilir:

  • 10 yaşadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan sərnişin qatarlarında gedişinə yol verilmir;
  • 10 yaşadək olan uşaqla gedən sərnişində uşağın yaşını təsdiq edən sənədin əsli və ya my.gov.az portalından çıxarışı olmalıdır. 
  • Uşağın yaşı gedişin başladığı günlə müəyyən edilir. Əgər gediş başlayan gün 5 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, bu halda uşaq (əgər o, ayrıca yer tutmursa) pulsuz daşınır. Əgər gediş başlayan gün 10 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, bu halda gediş sənədi uşaq tarifi ilə sənədləşdirilir.
  • Qatarlarda uşaqlı sərnişinlərə əl yükü normasından əlavə olaraq daşınma haqqı ödənmədən uşaq arabalarının aparılmasına icazə verilir.
  • Uşaq arabası qatlanan olmalı, üç ölçüsünün cəmi 180 santimetri (eni, uzunu, hündürlüyü) keçməməli və vaqonun konstruksiyasından asılı olaraq yüklərin daşınması üçün nəzərdə tutulan yerlərdə yerləşdirilməlidir.
  • Digər sərnişinlərin hərəkətinə mane olan yerlərdə (qapıların giriş və çıxışlarında, keçiddə, tamburda, dəhlizdə və oturacaqlar arasında), eləcə də açıq vəziyyətdə uşaq arabasının daşınması qadağandır.