Təhlükəsiz səyahət

Təmizlik və dezinfeksiya

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları sahəsində fəaliyyət göstərən istər oturacaq, istərsə də yataq tipli vaqonlardan ibarət qatarları müntəzəm olaraq təmizlənir. 

Bütün sərnişin qatarları qrafikə uyğun olaraq səfərini yekunlaşdırdıqdan sonra xüsusi qaydada təmizlənir. Təmizlik işləri çərçivəsində qatarların döşəməsi silinir və ya döşəməsinə salınmış xalçaların tozu alınır, daha sonra xüsusi dərmanlarla yuyulur. Oturacaqlar, əl yüklərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş ərazilər, tutacaq və sürahilər xüsusi məhlulla silinir, sanitar qovşaqlar təmizlənir. Qatarın pəncərələri içəridən silinir. 

Yataq tipli vaqonlardan ibarət qatarlarda sərnişinlərə təqdim olunan yataq dəstləri hər istifadədən sonra xüsusi şəraitdə yuyularaq dezinfeksiya olunur. 

Təmizlik işləri ilə bərabər sərnişinlərin təhlükəsiz hərəkəti üçün qatarlar, eləcə də stansiyalar, dəmir yolu müəssisələri və inzibati binalarda dezinfeksiya işləri aparılır.  

Tibbi müayinə

Sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün maşinist və maşinist köməkçilərinin məcburi reysqabağı müayinələri həyata keçirilir. 

“Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tibb məntəqələrində lokomotiv briqadası işçilərinin fiziki, psixoemosional, zəruri halda psixoloji göstəricilərinin kompleks qiymətləndirilməsi aparılır. 

Qiymətləndirilmə nəticəsində lokomotiv briqadası işçilərində əmək qabiliyyətinin itirilməsi və ya aşağı düşməsi aşkar olunarsa, onlar reysdən kənarlaşdırılırlar. 

Zəruri hallarda sərnişinlərə ilkin yardım göstərilir. Vəziyyətdən asılı olaraq yardım qatar heyəti tərəfindən və ya tibb məntəqələrində göstərilə bilər.