Qatarlar

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən İsveçrənin “Stadler Rail Group” şirkətindən sifariş edilən KISS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Həmin qatarlar 2015-ci il sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb və qatarın yolasalma mərasimində Prezident İlham Əliyev iştirak edib. Hazırda Azərbaycanın dəmir yollarında 9 ədəd KISS elektrik qatarı istifadədədir. Bu qatarlar Abşeron dairəvi dəmir yolu xətti, Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edir.

İkimərtəbəli elektrik qatarlarının sərnişin tutumu 370-400  (4 qatarda - 370 yer;  5 qatarda - 396 yer) nəfər arası dəyişir, üç standart və bir biznes vaqondan ibarətdir. Rayonlararası istiqamətlərdə səfərlər üçün nəzərdə tutulmuş 4 qatarın biznes vaqonunda birinci sinif salon mövcuddur. Vaqonların hər biri kondisioner və biotualetlə təchiz olunub.

ADY ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən, FLIRT markalı 6 elektrik və 4 dizel qatarı alınıb. Birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir.

Qatarlarda standard, standart plyus, biznes və birinci sinif (8 yer) yerlər mövcuddur. Geniş bar-vaqon salonuna malikdir, kondisioner və biotualetlə təchiz olunub.

Dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir.

Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş oturacaq tipli ekspres sərnişin qatarı Bakı-Sumqayıt-Bakı və Bakı-Ağstafa-Bakı marşrutu üzrə fəaliyyət göstərir. 1 biznes və standard vaqonlardan ibarətdir.

Bakı-Balakən-Bakı marşrutu üzrə yataq tipli vaqonlardan ibarət 64/63 nömrəli sürət sərnişin qatarı fəaliyyət göstərir. Bu növ vaqonlar 1975-1986-cı illərdə Almaniya (Ammendorf zavodu), Rusiya Tver vaqonqayırma zavodunda istehsal olunub. Vaqonlar mütamadi olaraq xarici ölkələrdə planlı şəkildə əsaslı təmirdən keçib.

Son olaraq 2024-cü ildə yenilənmiş beş yataq tipli vaqondan ibarət qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir. Sərnişinlərə biznes, standart+ və standart sinifləri üzrə səyahət imkanı təklif olunur.
Həmçinin sərnişinlərin rahat səyahətini təmin etmək məqsədilə yataq tipli vaqonların təchizatı yenilənib, standart sinif üzrə vaqonda yerlər üzrə işıq keçirməyən və keyfiyyətli yeni pərdələr quraşdırılıb.