Sərnişin qatarda əl yükü normasına əlavə olaraq əl yüklərinin yerləşdirilməsi üçün müəyyən edilən yerdə bir cüt xizək, o cümlədən xizək dirəkləri və snoubordları (çexoluna yerləşdirməklə) pulsuz apara bilər;
Sərnişin tərəfindən daşınan əl yükünün saxlanması və salamatlığı onun özü tərəfindən təmin edilir. Sərnişinin əl yükünün çəkisində şübhə yarandıqda, daşıyıcının əl yükünün çəkilməsini tələb etmək hüququ vardır. Əl yükünün çəkilməsi daşıyıcı tərəfindən vaqon bələdçilərində, stansiyalarda (vağzallarda) və digər yerlərdə olan nəzarət tərəziləri vasitəsilə həyata keçirilir;
Qatarda vaqon bələdçiləri lokomotiv briqadası tərəfindən kənar şəxslərdən bağlamalar, əl yükləri, məktublar, ödəmə vasitələri və s. qəbul edilib daşınması qadağandır;
Qatarda mühərrikli, yanacaqla işləyən və ya batareyalı skuterlərin, velosipedlərin və digər hərəkət vasitələrinin (hərəkət məhdudiyyətli olan şəxslər üçün nəzərdə tutulan təkərli oturacaqların, eləcə də onların hərəkət və reabilitasiyası üçün zəruri olan digər texniki vasitələrin istisna olmaqla) daşınması qadağandır.
Birmərtəbəli “Stadler” qatarlarında əl yüklərinin daşınması:
- Birinci sinif yerlərdə səfər edən hər bir sərnişinin çəkisi cəmi 30 kq-dan artıq olmayan və üç ölçüsünün cəmi 180 santimetri keçməyən (80x60x40) əl yükünü özü ilə pulsuz aparmaq hüququ vardır. Ölçüsü “S” və “M” olan əl yükünü, eləcə də yığılmış vəziyyətdə uşaq arabasını oturacaqların üstündə olan rəflərdə (üst-üstə yığılmamaq şərtilə) yerləşdirməyə icazə verilir. Ölçüsü “L” olan əl yüklərini və yığılmış vəziyyətdə uşaq arabasını yalnız yük üçün müəyyən edilmiş yerlərdə yerləşdirməyə icazə verilir;
- Digər siniflər üzrə səfər edən hər bir sərnişinin çəkisi cəmi 23 kq-dan artıq olmayan və üç ölçüsünün cəmi 180 santimetri keçməyən (80x60x40) əl yükünü özü ilə pulsuz aparmaq hüququ vardır. Ölçüsü “S” və “M” olan əl yükünü, eləcə də yığılmış vəziyyətdə uşaq arabasını oturacaqların üstündə olan rəflərdə (üst-üstə yığılmamaq şərtilə) yerləşdirməyə icazə verilir. Ölçüsü “M” və “L” olan əl yüklərini və yığılmış vəziyyətdə uşaq arabasını yalnız yük üçün müəyyən edilmiş yerlərdə yerləşdirməyə icazə verilir.
İkimərtəbəli “Stadler” qatarlarında əl yüklərinin daşınması:
- Birinci sinif yerlərdə səfər edən hər bir sərnişinin çəkisi cəmi 30 kq-dan artıq olmayan və üç ölçüsünün cəmi 180 santimetri keçməyən (80x60x40) əl yükünü özü ilə pulsuz aparmaq hüququ vardır. Ölçüsü “S” olan əl yükünün oturacaqların üstündə olan rəflərdə yerləşdirilməsinə icazə verilir. Digər ölçülərdə olan yüklərin (“M” və “L”) və yığılmış vəziyyətdə uşaq arabasının (yığılmış vəziyyətdə) yalnız yük üçün müəyyən edilmiş yerlərdə yerləşdirilməsinə icazə verilir;
- Digər siniflər üzrə səfər edən hər bir sərnişinin çəkisi cəmi 23 kq-dan artıq olmayan və üç ölçüsünün cəmi 180 santimetri keçməyən (80x60x40) əl yükünü özü ilə pulsuz aparmaq hüququ vardır. Ölçüsü “S” olan əl yükünü oturacaqların üstündə olan rəflərdə yerləşdirməyə icazə verilir. Digər ölçülərdə olan yüklərin (“M” və “L”) və yığılmış vəziyyətdə uşaq arabasının (yığılmış vəziyyətdə) yalnız yük üçün müəyyən edilmiş yerlərdə yerləşdirilməsinə icazə verilir.
“Ekspres” tipli qatarlarda əl yüklərinin daşınması:
- Səfər edən hər bir sərnişinin çəkisi cəmi 23 kq-dan artıq olmayan və üç ölçüsünün cəmi 180 santimetri keçməyən (80x60x40) əl yükünü özü ilə pulsuz aparmaq hüququ vardır. Əl yükləri və uşaq arabasını (yığılmış vəziyyətdə) yalnız vaqonda yük üçün müəyyən edilmiş yerlərdə yerləşdirməyə icazə verilir.
Yataq tipli qatarlarda əl yüklərinin daşınması:
- Rayonlararası yataq tipli sərnişin qatarlarının standart və standart+ sinifləri üçün ödənişsiz yük həcmi 36 kq, biznes sinif üçün isə 50 kq-dır.
ƏLAVƏ YÜKÜN DAŞINMASI:
- Oturacaq tipli qatarlarda 10 kq-dək əlavə əl yükünün daşınmasına icazə verilir. Bu halda sərnişin 10 kq-dək əlavə əl yükünün daşınmasına görə (1, 2, 5 və ya 10 kq olmasından asılı olmayaraq) 40 AZN məbləğində daşıma haqqı ödəməlidir. Daşıyıcının nümayəndəsi tərəfindən “sərnişinin əlində baqaj qəbzi” sənədi və ya qatar meneceri tərəfindən qeydiyyat məntəqəsində QU-57 qəbzi rəsmiləşdirildikdən sonra əlavə yük qatara buraxıla bilər.
- Yataq tipli qatarların standart və standart+ siniflərində yük 36kq-dan artıq olarsa, fərqdən asılı olmayaraq əlavə 10 AZN ödəniş edilməlidir. Yük 50 kq-dan artıq olarsa, qatara qəbul edilmir (bütün siniflərə aiddir)
Diqqət! Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki dövriyyədən çıxarılmış və xüsusi icazəsi olmadığı halda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar, həmçinin vaqon və digər sərnişinlərin əl yüklərini zədələyə və çirkləndirə bilən, eləcə də kəskin qoxulu, yanma təhlükəli, zəhərləyici, tezalışan, partlayıcı və digər təhlükəli maddələrdən ibarət əl yükləri daşınmaya qəbul edilmir.