Vağzallar

Bakı Dəmiryol Vağzalı

Azərbaycanın ilk dəmiryol vağzalı Bakıda 1880-ci ildə istifadəyə verilib. Bu bina əsasən neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan sonradan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə səfər edən məmurlar və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi.  Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmiryol vağzalına ehtiyac var idi.

Bakı dəmiryol stansiyasının yeni vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqləndi. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” adını almış yeni tikili imperiyanın ən gözəl vağzallarından birinə çevrildi.

1970-ci illərdə sərnişin daşınmasının artması ilə köhnə vağzal binaları onların üzərinə düşən ağırlığa tab gətirə bilmirdi. Yeni, daha müasir vağzal binasına ehtiyac yarandı. Odur ki, Bakının “Tiflis vağzalı” ilə indiki “28 May” metro stansiyası arasında yeni vağzal binasının inşasına başlanıldı. Yeni Bakı vağzalı əslində vağzal–mehmanxana kompleksi idi. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli bina Qafqazda ən böyük vağzal idi. 1976-cı ildə yeni dəmiryol vağzalının təntənəli açılışı oldu.

Bakı Dəmiryol Vağzalında növbəti əsaslı təmir 2017-ci ildə başa çatdı. 2017-ci ilin fevralın 10-da vağzal əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmiryol Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.

Görülən işlər çərçivəsində vağzalın 7 platforması və 8 yolu təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Burada aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da müasir səviyyədə təmir olunub.

Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir.

Sumqayıt Dəmiryol Vağzalı

Sumqayıt sərnişin stansiyası 1958-ci ildə açılıb, 2015-ci ildə isə yenidən istifadəyə verilib. Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən həmin ildə yeni Sumqayıt Dəmiryol Vağzalı inşa edilib.

Yenidən inşa edilən üçmərtəbəli Sumqayıt Dəmiryol Vağzalı binasının ümumi sahəsi 5,5 min kvadratmetrdir. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet kassaları, məlumat bürosu, polis məntəqəsi, server otağı, əşyaların saxlanması kameraları yerləşir. Müasir dizaynla tərtib olunmuş istirahət guşələri sərnişinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. İkinci mərtəbədə ofis və maşinistlər üçün istirahət otaqları, mətbəx yerləşir. Binada müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemi quraşdırılıb. Vağzalın zirzəmi hissəsində avtomobil dayanacağı yaradılıb. Əlavə olaraq stansiyada turniket binası, ikimərtəbəli rele və işarəvermə qurğuları binası, hündür və alçaq platformalar, elektrik yarımstansiyası, su nasosxanası, qazanxana və yol sahəsinin məntəqə binası fəaliyyət göstərir.

Stansiyada ümumilikdə 7 yol yenidən qurulub və çəkilmiş ümumi dəmir yollarının uzunluğu 5 min 20 poqonmetrdir. Kompleksdə 12 yoldəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. Bütün stansiyaboyu rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən quraşdırılıb. Vağzal kompleksinin ətrafında yaşıllıq və abadlıq işləri görülüb. Ərazi boyunca müasir işıqlandırma sistemi quraşdırılıb.

Sabunçu Dəmiryol Vağzalı

1880-ci ildə istifadəyə verilən Sabunçu və Bakı stansiyaları Azərbaycanın ilk iki dəmir yolu stansiyası olub.

Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu Dəmiryol Vağzalı tamamilə yenidən qurulub.

Sabunçu Dəmiryol Vağzalının açılışı 2019-cu il mayın 21-də baş tutub.

Üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir.

Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Burada müasir dizaynla tərtib olunan istirahət guşələri sərnişinlərin rahatlığını təmin edir. İşçilərin əmək fəaliyyəti üçün bütün lazımi imkanın olduğu binada, eyni zamanda, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün də xüsusi şərait yaradılıb. Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edilib. Layihə çərçivəsində Sabunçu Dəmiryol Vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında Dəmir Yolu Nəqliyyatında  Polis İdarəsi üçmərtəbəli binası da tikilib və zəruri avadanlıqla təchiz olunub.

Qəbələ Dəmiryol Vağzalı

Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.

Qəbələ Dəmiryol Vağzalının ümumi sahəsi 2300 kvadratmetr olmaqla VIP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

Ümumilikdə, layihə üzrə 122 süni mühəndis qurğusu, Ağdaş dəmiryol dayanacağı, Qəbələ Dəmiryol Vağzalı və stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi, həmçinin Hacıalı yarımstansiyasının təmiri işləri yerinə yetirilib.

Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 15 may 2021-ci ildə olub.

Gəncə Dəmiryol Vağzalı

Bakı–Tbilisi dəmir yolu xətti üzərində yerləşən Gəncə dəmiryol stansiyasının inzibati binası 29 dekabr 2013-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilib.