Elektron bilet satışına dair qaydalar

Elektron gediş sənədindən (biletdən) istifadə etməklə sərnişin daşıma qaydaları

1. Elektron gediş sənədlərinin (biletlərin) satışı, qaytarılması və elektron gediş sənədi (bilet) ilə gediş zamanı yolda dayanacaq edilməsinin rəsmiləşdirilməsi, eləcə də ciddi hesabat blankı rəsmiləşdirilmədən elektron qeydiyyat (bundan sonra - elektron qeydiyyat) qaydası dəmiryol nəqliyyatının xidmətlərindən istifadə edənlərin nəzərinə çatdırılır.

2. Elektron qeydiyyat gediş haqqı ödəndikdən sonra yerinə yetirilir.

3. Pulsuz və ya güzəştli gedişə (uşaqların gedişi istisna olmaqla) elektron gediş sənədi (bilet) rəsmiləşdirilmir.

4. Sərnişinin qatara miniyi elektron gediş sənədi (bilet) və onda göstərilən şəxsiyyəti təsdiq edən sənədin əsli əsasında həyata keçirilir

5. Elektron gediş sənədi (bilet) barədə məlumatlar vaqon bələdçisində saxlanılır. Sərnişin vaqon bələdçisində olan elektron gediş sənədinin (biletin) qeydiyyat məlumatında göstərilən yeri tutmalıdır.

6. Elektron qeydiyyatdan keçən elektron gediş sənədi (bilet) ilə gedişi həyat keçirən sərnişin nəzarət zamanı təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri ilə vaqon bələdçisində olan elektron gediş sənədindəki (biletdəki) məlumatlarla uyğunsuzluq olduqda bilet etibarsız sayılır və sərnişin qatara buraxılmır.

7. Uzaqmənzilli qatarda sərnişinin şəxsiyyətini təsdiq edən sənədlə vaqon bələdçisində olan elektron gediş sənədlərində (biletlərdə) göstərilən məlumatlarda sərnişinin soyadında, adında və atasının adında bir hərf və şəxsiyyəti təsdiq edən sənədin nömrəsində bir rəqəmdən çox olmayaraq uyğunsuzluq olduqda sərnişinin qatarda gedişinə yol verilir.

8. Daşıyıcı elektron xidmətlərin təqdim edilməsinin və elektron gediş sənədindən (biletdən) istifadə edilməsinin tətbiqi xüsusiyyətlərini internet şəbəkəsinin informasiya sistemlərində yerləşdirməyə borcludur.

9. Elektron gediş sənədinin (biletin) satışı qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.

10. Ödənişdən sonra elektron gediş sənədinin (biletin) identifikasiya nömrəsinin alınması sərnişinlə daşıyıcı arasında daşıma müqaviləsinin bağlanması hesab edilir.

11.Elektron gediş sənədlərinin (biletin) satışı qatarın başlanğıc stansiyadan yola düşməsinə bir saat qalmış dayandırılır.

12. Elektron gediş sənədlərinin (biletin) satışı tam və uşaq tarifləri üzrə həyata keçirilir. 5 yaşadək uşağın gedişi üçün (əgər o ayrıca yer tutmursa) onlayn sifarişdə tam tarif üzrə rəsmiləşdirilmiş elektron gediş sənədi (bileti) ilə birlikdə pulsuz uşaq elektron gediş sənədi (bileti) də rəsmiləşdirilir.

13. Elektron gediş sənədlərinin (biletin) alınması zamanı aşağıdakılar yerinə yetirilmir:

  • gediş haqqı ödənmədən yerlərin ehtiyatda saxlanması;
  • güzəştli gedişin rəsmiləşdirilməsi;
  • qrup halında şəxslərin gedişinin rəsmiləşdirilməsi;
  • elektron gediş sənədlərinin (biletlərin) yenidən rəsmiləşdirilməsi.

14. Qatarlara elektron qeydiyyat aşağıdakı qaydada aparılır:

  • qatarın hərəkət marşrutunun başlanğıc stansiyasından;
  • aralıq stansiyalardan (texniki və texnoloji imkanlar olduqda).

15. Elektron qeydiyyat olduqda qatarın marşrut üzrə başlanğıc stansiyadan getməsinə 1 saatdan az vaxt qaldıqda sərnişin gedişdən imtina edərsə, elektron gediş sənədi (bileti) şəxsi kabinetdə qaytarılmır və sərnişin minik stansiyasında bilet kassasına yaxınlaşaraq biletin geri qaytarılma qaydalarına əsasən gediş sənədini geri qaytarır.

16. Elektron qeydiyyatı olan gediş sənədlərinə (biletə) nəzarət qatara minik zamanı vaqon bələdçiləri tərəfindən həyata keçirilir.

17. Elektron qeydiyyatı olan gediş sənədlərinə nəzarət həyata keçirilən zaman aşağıdakılar əlavə yoxlanılmalıdır:

  • sərnişinlərin elektron qeydiyyatını təsdiq edən sənədlərin daşıyıcı tərəfindən rəsmiləşdirilməsinin və verilməsinin düzgünlüyü;
  • faktiki gedən sərnişinlərin sayının təqdim edilən sənədlərə əsasən sərnişinlərin elektron qeydiyyatdan keçməsini təsdiq edən elektron gediş sənədlərinin (biletlərin) sayına uyğunluğu;
  • zərurət olduğu halda sərnişinin şəxsiyyətini təsdiq edən sənədlə vaqon bələdçisindəki qeyd məlumatlarının uyğunluğu.

18. İstifadə edilməmiş elektron gediş sənədlərinə (biletlərə) görə  pul vəsaitlərinin qaytarılması qaydası qanunvericiliyə uyğun olaraq daşıyıcı tərəfindən müəyyən edilmiş geri qaytarılma qaydalarına əsasən həyata keçirilir.

19. Sərnişinin gediş sənədində göstərilən minik stansiyasından qatar yola düşdükdən 1 saat sonra, eləcə də sərnişin daşıma qaydalarına müvafiq olaraq yolda gedişdən imtina və ya gedişdə fasilə etdikdə elektron gediş sənədini (bileti) bilet kassasında müvafiq qaydada geri qaytarmalıdır. Bu halda, eləcə də sərnişin gediş sənədində (biletdə) göstərilən qatara minik stansiyasından yola düşməsindən sonra 10 gün ərzində üzrlü səbəbdən (xəstəlik, bədbəxt hadisə və s.) təsdiqedici sənədləri bilet kassasına təqdim etdikdə istifadə edilməmiş elektron gediş sənədi (bilet) üçün qaytarılacaq məbləğ pretenziya qaydasında qaytarılır.

20. Yolda dayanmaq zərurəti yaranmış hallarda sərnişin sonrakı gedişdən imtina edərsə, vaqon bələdçisini bu barədə xəbərdar etməlidir. Vaqon bələdçisi səfərin dayandırılması və ya yolda dayanacaq edilməsi barədə ümumi formalı akt tərtib edir və bu sənədin bir nüsxəsi bilet kassasına  təqdim olunması üçün sərnişinə verilir. Sərnişin şəxsiyyəti təsdiq edən sənədi və aktın bir nüsxəsini bilet kassasına elektron biletin qaytarılması üçün təqdim edir.

21. Sərnişinin elektron biletinin qaytarılması üçün elektron gediş sənədi ilə lazımi texnoloji əməliyyatların yerinə yetirilməsi məqsədilə qatar stansiyaya qəbul olunduğu andan 1 saat ərzində bilet kassasına vaqon bələdçisinin qeydiyyatı olan elektron gediş sənədini və ya ümumi formalı aktı təqdim etməlidir.

22. Daşıyıcının təqsiri üzündən və ya sərnişinin məcburi səbəblərdən (ölüm, xəstəlik, bədbəxt hadisə ilə əlaqəli) daşıma müqaviləsinin şərtlərində dəyişiklik baş verdikdə və ya ona xitam verildikdə sərnişinin elektron gediş sənədləri üzrə müvafiq daşıma ödənişlərini almaq hüququ vardır.