KISS, FLIRT markalı və yüksək komfortlu qatarlarla şəhərlərarası hərəkət zamanı hər sərnişinin bir gediş sənədi (bilet) ilə kiçik əl əşyalarından başqa çəkisi 20 kq-dan çox olmayan, üç ölçüsünün cəmi 140 santimetri keçməyən əl yükünü, şəhərətrafı hərəkət zamanı isə 36 kq-dan çox olmayan, üç ölçüsünün cəmi 140 santimetri keçməyən əl yükünü özü ilə pulsuz aparmaq hüququ var.
Qatarlarda uşaqlı sərnişinlərə və ya hərəkəti məhdud olan şəxslərə əl yükü normasından əlavə olaraq ödənişsiz formada uşaq, əlil arabasının, eləcə də onların hərəkət və reabilitasiyası üçün zəruri olan digər texniki vasitələrin daşınmasına icazə verilir.
Əl yükünün daşınması üçün müəyyən edilmiş norma daxilində sərnişinə özü ilə əl yükləri üçün nəzərdə tutulan yerdə yerləşə bilən, sökülmüş və qablaşdırılmış şəkildə mühərriksiz bir ədəd velosiped aparmağa icazə verilir.
Sərnişin tərəfindən əl yükünün daşınması şərtlərinin yerinə yetirilmədiyi hallarda daşıyıcı daşımadan imtina edir. Bu zaman ödənilmiş daşıma haqlarının qaytarılması sərnişinin yazılı ərizəsinə əsasən pretenziya qaydasında yerinə yetirilir.
Sərnişin əl yükünün tamlığının və saxlanmasının qeydinə özü qalmalıdır.
Diqqət! Azərbaycan Respublikasının qanunvericiliyi ilə daşınması nəzərdə tutulan hallar istisna edilməklə vaqon və digər sərnişinlərin əl yüklərini zədələyə və çirkləndirə bilən, eləcə də kəskin qoxulu, yanmaya təhlükəli, zəhərləyici, tezalışan, partlayıcı və digər təhlükəli maddələrdən ibarət əl yükləri daşınmaya qəbul edilmir.
Qatarda sərnişinin əl yükü arasında daşınması qadağan edilmiş əşya və ya heyvan (bax: Heyvanların daşınması) aşkar edilərsə, daşıyıcı sərnişinin və onun əl yükünün qatardan düşürülməsi üzrə tədbir görə bilər.