Fiziki məhdudiyyətli insanlar üçün imkanlar

“Azərbaycan Dəmir Yolları” QSC hər bir sərnişinin, xüsusilə də fiziki məhdudiyyətli şəxslərin rahat səyahəti üçün maksimum imkanlar yaratmağa çalışır.

Fiziki məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün yeni tikilmiş və ya əsaslı təmir edilmiş stansiyalarda onlar üçün xüsusi yerlər ayrılıb, turniketlər və liftlər quraşdırılıb.

Görmə məhdudiyyətli sərnişinlər üçün vağzal və platformalara onları müşaiyət edən ev heyvanı ilə daxil olmaq imkanı yaradılıb, o cümlədən taktil plitələr döşənib.

Hərəkəti məhdud olan şəxs qatarda gedirsə, əl yükü normasından (36 kq) artıq əlil arabalarının daşınmasına icazə verilir.

Hazırda Bakı-Sumqayıt-Bakı, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən “Stadler” şirkətinin  oturacaq tipli qatarlarında fiziki məhdudiyyətli şəxslər üçün xüsusi yerlər ayrılıb.

Həmçinin Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə hərəkət edəcək “Stadler” şirkətinin istehsalı olan vaqonlardan birində fiziki məhdudiyyətli şəxslər üçün ayrıca kupe nəzərdə tutulub. Vaqonun hər iki başında yerləşən çıxış qapıları əlil arabası üçün qaldırıcı qurğu ilə təchiz olunub.