Parkın yenilənməsi

“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən İsveçrənin “Stadler Rail Group” şirkətindən sifariş edilən KİSS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Həmin qatarlar 2015-ci il sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb və qatarın yolasalma mərasimində Prezident İlham Əliyev iştirak edib. Hazırda Azərbaycanın dəmir yollarında 9 ədəd KİSS elektrik qatarı istifadədədir. Bu qatarlar Abşeron dairəvi dəmir yolu xətti, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edir.

2019-cu ilin martın 29-da “Stadler” şirkətinin istehsalı olan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Bu vaqonlardan ibarət sürət qatarının Bakı-Tbilisi-Qars-Ankara marşrutu üzrə istifadəsi planlaşdırılır. 2019-cu ilin aprelin 3-də Prezident İlham Əliyev bu vaqonlarla tanış olub. “Stadler” şirkətinin istehsalı olan daha 10 vaqon Azərbaycana 2020-ci ilin sentyabrında gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” arasında 25 noyabr 2019-cu il tarixli imzalanmış müqaviləyə əsasən, 1-ci faza çərçivəsində regionalararası və şəhərətrafı istiqamətində hərəkət etməsi üçün 10 ədəd 5 vaqonlu birmərtəbəli FLIRT qatarlarının alınması nəzərdə tutulub. 4 qatar dizel ötürücüsü ilə təchiz olunaraq regionalararası daşımalarda istifadə ediləcək. 6 ədədi isə dəyişən cərəyan ilə işləyən elektrik qatarıdır. Onlardan 3-ü regional daşımalar, daha 3-ü isə şəhərətrafı daşımalarda istifadə olunacaq. Müqavilənin şərtlərinə görə, ilk FLIRT qatarı Azərbaycana 2023-cü ilin ikinci yarısında gətiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə lokomotiv parkını da yeniləməkdə davam edir. ADY ilə ALSTOM şirkəti arasında bağlanmış müqaviləyə əsasən alınmış 10 ədəd ikisistemli  (həm sabit, həm də dəyişən cərəyanlı) sərnişin lokomotivi Azərbaycana gətirilib.