Təmizlik və dezinfeksiya

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları sahəsində fəaliyyət göstərən istər oturacaq, istərsə də yataq tipli vaqonlardan ibarət qatarları müntəzəm olaraq təmizlənir.

Bütün sərnişin qatarları qrafikə uyğun olaraq səfərini yekunlaşdırdıqdan sonra xüsusi qaydada təmizlənir. Təmizlik işləri çərçivəsində qatarların döşəməsi silinir və ya döşəməsinə salınmış xalçaların tozu alınır, daha sonra xüsusi dərmanlarla işlənir. Oturacaqlar, əl yüklərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş ərazilər, tutacaq və sürahilər xüsusi məhlulla silinir, sanitar qovşaqlar təmizlənir. Qatarın pəncərələri içəridən silinir.

Yataq tipli vaqonlardan ibarət qatarlarda sərnişinlərə təqdim olunan yataq dəstləri hər istifadədən sonra xüsusi şəraitdə yuyularaq dezinfeksiya olunur.

Təmizlik işləri ilə bərabər sərnişinlərin təhlükəsiz hərəkəti üçün qatarlar, eləcə də stansiyalar, dəmir yolu müəssisələri və inzibati binalarda dezinfeksiya işləri aparılır. 2020-ci ilin martından 2021-ci ilin aprel ayına qədər keçən 1 il ərzində Azərbaycan dəmir yollarında ümumilikdə 60 milyon kvadrat metr ərazi dezinfeksiya olunub.