Uşaqlarla səyahət

Sərnişinin beynəlxalq və ölkədaxili reyslərdə 5 yaşadək (əgər o ayrıca yer tutmursa), şəhərətrafı reyslərdə isə  standart sinifli vaqonlarda 7 yaşadək uşağı özü ilə pulsuz aparmaq hüququ var. Lakin biznes sinifli vaqonlarda uşaq ayrıca yer tutarsa, o zaman tam tarif ilə gediş sənədləri (biletlər) alınır.

Beynəlxalq və ölkədaxili reyslərdə 5 yaşadək uşaq ayrıca yer tutarsa, ona uşaq tarifi üzrə gediş sənədi (bilet) alınmalıdır. Həmçinin sərnişinlə gedən bir uşaqdan artıq 5 yaşadək uşaqların hər birinə uşaq tarifi ilə gediş sənədləri (biletlər) alınmalıdır. 

Beynəlxalq və ölkədaxili reyslərdə 5 yaşdan 10 yaşadək uşaqlara uşaq tarifi ilə bilet tərtib edilir. 

Şəhərətrafı reyslərdə 7,  beynəlxalq və ölkədaxili reyslərdə isə 10 yaşdan yuxarı uşaqlara tam tarif ilə gediş sənədləri (biletlər) alınır.

Uşağın yaşı gedişin başladığı günlə müəyyən edilir. Əgər gedişin başladığı gün 5 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, onda uşaq (əgər o, ayrıca yer tutmursa) pulsuz daşınır. Əgər gedişin başladığı gün 10 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, onda gediş sənədi (bilet) uşaq tarifi ilə sənədləşdirilir.

Şəhərətrafı reyslərdə isə əgər gedişin başladığı gün 7 yaşı tamam olan uşağın doğum günü ilə üst-üstə düşürsə, onda uşaq pulsuz daşınır.

10 yaşadək uşaqların böyüklərin müşayiəti olmadan sərnişin qatarlarında gedişinə yol verilmir. Həmçinin 10 yaşadək uşaqla gedən sərnişində uşağın yaşını təsdiq edən sənədin əsli olmalıdır.