20 Dekabr 2023

ADY bayram günlərində regionlara əlavə reyslər təyin edir

ADY bayram günlərində regionlara əlavə reyslər təyin edir

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Belə ki, müştəri məmnuniyyətinin təmin edilməsi və artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.

31 dekabr 2023-cü il, 01, 02, 05, 06 yanvar 2024-cü il tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.

Marşrut üzrə əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.