Qatarla səyahət bir toxunuş qədər rahat

Qatarla səyahət bir toxunuş qədər rahat

4 Mart 2023

‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir

‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir

Məlumat üçün bildiririk ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək. Müvafiq  marşrut  üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.

Bu münasibətlə 4 mart tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, media nümayəndələri, nəqliyyat üzrə ekspertlər və səyahət blogerlərinin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil olunub. Qonaqlara yeni dəmir yolu xətti ilə paytaxtdan Qəbələyə və qonşu rayonlara qısa zaman kəsiyində rahat və təhlükəsiz şəkildə səfər etmək imkanı,  eləcə də Qəbələ Dəmiryol Vağzalında yaradılmış müasir şərait və xidmətlərlə bağlı ətraflı məlumat verilib.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin may ayının 15-də baş tutub.

Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

Hərəkət cədvəlinə gəlincə qatar həftə sonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, Qəbələ Dəmiryol Vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

Vağzalda təşkil olunmuş tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Qəbələyə ilk dəfə olaraq dəmir yolu xəttinin çəkilməsi müasir Azərbaycan tarixində olduqca önəmli hadisədir: ‘’Cənab Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərə çatmaq üçün ADY dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara çatdırılması isiqamətində ciddi iş aparır. O cümlədən, sərnişin daşıma xidmətinin təkmilləşdirilməsi üçün bu ilin sonunda Bakıya çatdırılması planlaşdırılan yeni elektrik qatarları ilə daha geniş miqyasda xidmət göstərə biləcəyik’’.

Tədbirdə iştirak edən Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərə dəmir yolu xəttinin çəkilməsi və istismara verilməsi Qəbələ ilə yanaşı ərtaf rayonların əhalisi üçün də böyük önəm daşıyır: ’’Regionun turizm potensialının daha da inkişaf etdirilməsi istiqamətində yeni dəmir yolu xəttinin yaratdığı imkanlar olduqca böyükdür’’.