15 Noyabr 2023

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarına əlavə reyslər təyin edilir

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarına əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin məmnuniyyətinin təmin edilməsi və xidmət səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mütəmadi çalışır. Qərb bölgəsinə artan sərnişin tələbatı nəzərə alınaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə cari ilin axırınadək həftə sonlarına əlavə reyslər təyin edilib.

Belə ki, 17 noyabr tarixindən etibarən hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq.

Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat 14:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.

Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya ADY Mobile tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.