Səyahət sinifləri

Birinci siniflə səyahət

Vağzalda xidmət

Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ Dəmiryol Vağzallarının VİP zallarından istifadə edə bilərlər.

Stansiya və vağzalların ərazisində istiqamətverici, zalların girişində isə VİP ZAL əks olunmuş lövhələr mövcuddur.

Sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində VİP zaldan istifadə edə bilərlər.

VİP zalın girişində ADY-nin əməkdaşı tərəfindən gediş sənədinin (biletin) etibarlılığı və şəxsiyyəti təsdiq edən sənədlə uyğunluğu yoxlanılır.

Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir.

VİP zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir:

  • Limitsiz su, çay, kofe;
  • Şəhərdaxili telefon və internetə çıxış (WİFİ-dan istifadə);
  • Rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası;
  • Şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça)
  • Sərnişinin səfərin sonunda qarşılanması

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VİP zala kimi müşayiət edir.

Diqqət! VİP zalda siqaret çəkmək, spirtli içki qəbul etmək qadağandır.

Ödənişsiz qida xidməti

Birinci siniflə səyahət edən sərnişinlərə qatarda səfər zamanı ödənişsiz yemək təklif olunur.

Qida çeşidləri aşağıdakı kimidir:

  • qəlyanaltı;
  • səhər yeməyi;
  • sendviç;
  • meyvə şirəsi;
  • çörək məmulatları;
  • şəkər daxil olmaqla isti içki (çay, kofe) və su.

Keytrinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir.

Təqdim edilən qidaların qablaşdırılması üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir.

Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə çay, kofe, su və qidanın paylanması həyata keçirilir. Sərnişinlərə çay, kofe, suyun verilməsi limitsiz və ödənişsizdir.

Sərnişinə səfərboyu bir dəfə ödənişsiz, növbəti dəfə isə ödəniş etməklə menyudan istənilən məhsulu ala bilmə imkanı yaradılır.

Oturacaqlar elektrik yuvaları və dirsəkaltı ilə təchiz olunub, 180 dərəcə fırlana və istəyinizə uyğun  tənzimlənə bilər.

Səfər zamanı sərnişinlərə balınc, adyal və başmaq təqdim edilir.

Biznes siniflə səyahət

Biznes siniflə səyahət zamanı sərnişinlərə qatarda səfər paketi təqdim olunur.

Keytrinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir.

Təqdim edilən qidaların qablaşdırılması üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir.

Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə çay, kofe, su və “səfər paketin” paylanması həyata keçirilir. Sərnişinlərə çay, kofe, suyun verilməsi bir dəfə ödənişsizdir. Növbəti dəfə isə ödəniş etməklə çay, kofe, su və menyudan istənilən məhsulu ala bilmə imkanı yaradılır.

Oturacaqlar genişdir və elektrik yuvaları ilə təchiz olunub.

 

Standart siniflə səyahət

Sərnişinlərə səfərboyu ödəniş etməklə menyudan istənilən məhsulu, şirniyyat, çay, kofe və suyu ala bilmə imkanı yaradılır.

Hər sırada yerlərin tərtibatına uyğun olaraq 2 və ya 3 elektrik yuvası mövcuddur.

Hər bir sinif üzrə, eləcə də hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi WC var. Körpələr üçün əlavə imkanlar yaradılır.

Sərnişinlərə xoş səyahət arzu edirik!