27 Mart 2023

ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 18 mart tarixindən 26 mart tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub və bayram günlərində 1 148 sərnişinə xidmət göstərilib.

Həmçinin martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin təlabatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bayram günlərində ümumilikdə 64 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 330 297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.

Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmir yolu xətti ilə 933 234 sərnişin daşınmışdı.