2 İyul 2021

Cənub mirvarisinə qatarla səyahət

Cənub mirvarisinə qatarla səyahət

Səhər saat 8 radələri. Bakının yağışlı axşamında islanandan sonra büzüşüb yatdığımız qatar kupesində nəzarətçinin səsinə oyanırıq. Saat 23:45-də yola çıxmışdıq və səhər saat 7 radələrində çatacağımızı bilirdik. Yuxulu halda pəncərədən çölə baxırıq. Hava xeyli işıqlanıb, gecəki yağışdan əsər əlamət yoxdur və yamyaşıl orman... Sonra kupenin qapısından boylanırıq. Bu dəfə ucsuz-bucaqsız göy dəniz və balıqçı qayıqları görünür. Mənzərədən məlum olur ki, getdiyimiz ünvana varmağımıza elə də çox qalmayıb.

Məşhur alim Strabon bu mənzərəni qeydlərində xüsusi dəqiqliklə izah edə bilib: "Dəniz ləpələrinin dağların ətəklərini yuması və öpməsidir Astara". Xülasə, yolumuz yaşılla mavinin qovuşduğu diyar, küçələri dəniz, bağları portağal qoxan Astaradandır.

9 iqlim qurşağına malik Astaranın 2 qəsəbəsi və 89 kəndi var. Şəhər respublikanın cənub qapısı adlandığı üçün İranla gömrük məntəqəsi rolunu oynayır. Relyefi aran və dağlıq ərazidən ibarət Astaranın şərqində Xəzər dənizi, qərbində isə zəngin meşəli Talış sıra dağları yerləşir. Müxtəlif xəstəliklərin dərmanı olan İsti su, Yanar bulaq və digər mineral və termal bulaqlar rayona gələn qonaqlar və turistlərin ən çox baş çəkdiyi yerlərdəndir. Ucsuz-bucaqsız çəltik bağları, çay plantasiyaları, Xəzər sularından tutulan nadir balıq növləri rayonu əvəzsiz edir.

Rayonun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri olması ilə yanaşı artıq 6 ildir ki, müasir üslubda və istər sakinlərin, istərsə də rayona gəlmiş qonaqların rahat dincələ biləcəyi Park-bulvar kompleksi istifadəyə verilib.

Bulvar kompleksi Astara şəhərində  Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir.Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb.

Əvvəldə də qeyd etdiyimiz kimi, rayon qədim tarixi abidələrlə xeyli zəngindir.

Ümumi nəzər saldıqda, Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi (1499) bir zamanlar Şah İsmayıl Xətai tərəfindən ziyarət edilməsi ilə məşhurdur. Qalalardan Bio kəndi yaxınlığında Şindan, Alaşa kəndi yaxınlığında Divankə, Hamuşan kəndində Gəlin, Təngərud kəndində Yekdəst rayona gələn turistlərin böyük marağına səbəb olub.

Bununla yanaşı rayonun kənd və qəsəbələrində XII və XIII əsrlərə aid türbə və körpülər mövcuddur.

Astara rayon Tarix-Diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyət göstərir və muzeydə 8 minə yaxın eksponat var. Hazırda muzeydə sərgilənən eksponatlardan 2038 ədədi elə tarixi dəyər daşıyır.

Sım Astaranın mütləq görülməsi gərəkən, ən yüksək dağ kəndidir. Sıma aparan yol çox yorucudur. Amma ətraf o qədər gözlədir ki, çətinlikə qət edilən yol gözə görünmür. Kənddə tərkibi minerallarla zəngin 50-yə yaxın təbii bulaq, hündürlüyü 25-30 metrə çatan 2 şəlalə var.

Ərçivan Astara rayonunda qəsəbə inzibati ərazi dairəsidir. Eyniadlı çayın sahilində yerləşən bu qəsəbə Lənkəran ovalığındadır. Qəsəbədə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir. Həmçinin Ərçivanda hamımıza tanış olan “Ulduz” filmi çəkilib. Filmdə lentə alınan iki mərtəbəli unikal lahiyəli tikili bu günə qədər Mədəniyyət və Turizim Nazirliyi tərəfindən mühafizə olunaraq ümumi dövlət reyesterinə salınıb.

"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Ələt-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır . Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.

Rayonun digər görməli qəsəbəsi isə Kijəbədir (Talış dilində “Quş qapısı” deməkdir). Buraya yollandığınız zaman Talış dağlarının ətəyində bağlarla əhatələnmiş evlərin mənzərəsi sizi qarşılayacaq. Burada qəsəbənin mirvarisi sayılan, kənd uşaqlarının yayda əsas əyləncə yeri Platinaya (Lovayın su anbarı) da yerləşir.

Zəngin flora və faunası ilə hər zaman ziyarətçilərin diqqətini cəlb edən Hirkan milli parkının 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astara rayonunun ərazisindədir. Meşələrdə relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat, cökə, vələs, fıstıq, qoz, qızılgöz və s. bitir. Heyvanlardan — bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. yaşayır.

Relikt və endemik dəmirağacı, şabalıdyarpaq palıd, ipək akasiya, şümşad, azat ağacları yalnız Astara meşələrində bitən nadir flora nümunələridir. Xallı pələng, bəbir, qırqovul, xınalı kəklik, çöltoyuğu da Astara təbiətinin bəzəyidir.

Astara ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli çayı, çəltiyi, sitrusu, tərəvəzi və balı ilə də məşhurdur. Burada yetişdirilən narıngi, limon, portağal, feyxoa, kinkan, kivi və başqa sitrus və subtropik meyvələri Respublika və xarici ölkə bazarlarında özünəməxsus yer tutur.

Astara çayına müxtəlif illərdə Madrid, Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə  ən yüksək qiymət verilib və Qızıl medala layiq görülüb.

Rəngarəng bitki örtüyünə malik Astarada istehsal olunan bal və digər arı məhsulları zəngin tərkibinə görə fərqlənir. Keyfiyyətli Astara balı sərgilərdə həmişə yüksək qiymətləndirilir. 

Astara düyüsünün müxtəlif növləri yüzilliklər ərzində əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Haşimi”, “Sədri”, “Ənbərbu”, "Xəzri" və digər çəltik növlərindən emal edilən düyü məhsulları özünəməxsus ətri, dadı və bərəkəti ilə hələ qədimdən şöhrət qazanıb. Bölgəmizin brendi olan Astara düyüsü süfrələrin bəzəyidir.

Astara balıqçıları Xəzərə çox bağlıdır. “Dəniz olmasaydı, mən çoxdan ölmüşdüm. Bu dənizdir məni yaşadan”cümlələrini çox balıqçının dilindən eşidə bilərsiniz.

Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb edib. Xüsusilə də, Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur edir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri hər yerdə tanınır. Düyüdən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər bişirilir ki, bunların hər birinin özünəməxsus dadı var. “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, boranı plov, toy qatığı və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.