17 May 2021

Qəbələdə bir gün

Qəbələdə bir gün

Respublikanın ən yüksək dağ zirvəsi Bazardüzü (4466 m), ən hündür dağ gölü Tufangöl (3277 m) və ən hündür şəlaləsi Mucuxun (96 metr) yerləşdiyi Qəbələ zəngin turizm potensialına malikdir. Odur ki, istirahət günlərinizdən birini burada keçirərək dəyərləndirmək sizin üçün kifayət qədər maraqlı ola bilər. Dağların, çayların və müxtəlif yaşıllıq sahələrinin arasından keçən bu yolda maraqlı mənzərələr sizi qarşılayır.

Artıq yeni çəkilmiş dəmir yolu xətti paytaxtı Qəbələ ilə qovuşdurur və xətt üzrə müasir standartlara cavab verən sürət qatarları fəaliyyət göstərir. Yolun uzunluğu 309 kilometr, qatarın yolda olma müddəti isə 3 saat 20 dəqiqə təşkil edir.

Hərəkət cədvəlinə gəlincə qatar həftə sonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzilbaşına çatır. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatır.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün isə 31 AZN təşkil edir.

Beşulduzlu otellərin, yüksək səviyyəli restoranların xidmətə başladığı Qəbələdə qonaqların və turistlərin istirahəti üçün müasir standartlara uyğun hər bir şərait yaradılıb. Rayonda fəaliyyət göstərən “Tufandağ” qış turizm mərkəzi son zamanlar turistlərin diqqətini çəkən əsas məqamlardandır. Burada idmanın qış növləri üzrə – kanatla gəzintilər, xizəksürmə, restoran, kafe, otel turları, həm böyüklər, həm də uşaqlar üçün ekskursiya və əyləncə xidmətləri təklif olunur.

Əgər getdiyiniz yerlərdə tarixlə maraqlanmağı sevirsinizsə, yolunuzu Qəbələ Tarix-Diyarşünaslıq Muzeyindən sala bilərsiniz. Şəhərin 2500 illik tarixini əks etdirən bu muzeydə tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.

Burada hətta eramızdan əvvəl II-I əsrlərə aid küp qəbirlərin nümunələri və VI əsrə aid sarkofaq da mövcuddur.

Rayonun tarixi ilə tanış olduqdan sonra Qəbələni daha yaxından tanımaq istəyirsinizsə, onda marşurutunuzu məşhur “Şabalıd meşəsi”, mənzərəli Vəndam, qədim Nic, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli, Durca, Bunut, Qəmərvan kəndlərindən sala bilərsiniz.

Qəbələ rayonunun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup – udinlər yaşayır. Abadlığı, yaraşıqlı evləri və böyük həyətyanı sahələri olan Nic kəndi məhsuldar bağları ilə də məşhurdur.

Daha yaxın kəndə səfər etmək istəyirsinizsə, rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Kənddə Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb.

Həmçinin respublikanın ən böyük kəndlərdən biri olan Vəndam isə rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Hətta kəndin girişində aktyorun heykəli belə ucaldılıb.

Vəndam kəndinə getmişkən yaxşı olar ki, yolunuzu kənddən 6 kilometr aralıda yerləşən ecazkar Yeddi gözəl şəlaləsindən də salasınız. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Aşağıdan yalnız iki kiçik şəlalə görünür. Qalan beş şəlaləyə baxmaq üçün sərt pillələrlə yuxarı qalxmaq lazımdır ki, bu da müəyyən fiziki güc tələb edir.

Əzəmətli Qafqaz Dağlarının mənzərəsi, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir. Öz gözəlliyi ilə turistləri heyran edən Nohur gölündə, sakit atmosfer və quşların nəğmələri şəhər səs-küyündən qaçanlar üçün ideal mühit yaradır. Göldə insanların çimməsinə icazə verilməsə də (göl həm də su rezervuarı kimi fəaliyyət göstərir, Qəbələ və ətraf rayonların içməli su ehtiyatını təmin edir), balıq tutmaq üçün ideal məkandır. Burada həmçinin kiçik qayıqlarla və katamaranlarla gəzmək üçün şərait yaradılıb.

Ekstrim həvəskarları üçün də Qəbələ səfəri unudulmaz ola bilər. Belə ki, dağa dırmaşma idman növü ilə məşğul olan şəxslərin mütləq ki, gələcək planları arasında respublikasının ən yüksək nöqtəsinə - Bazardüzü zirvəsinə qalxmaq var. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə yerləşən bu zirvə daimi buzlaq sahədir. Buradan Qızılqaya, Şahdağ, Tufandağ, Bazaryurd, Olimp zirvələri, Dağıstanın Kuruş kəndi və Şalbuzdağ dağına qədər uzanan geniş mənzərəni görmək mümkün olur.

“Qəbələnd”, yaxud “Qafqaz Park” təkcə Qəbələdə deyil, həmçinin bütün bölgədə ən böyük əyləncə mərkəzidir. Ümumi ərazisi 16 hektar olan bu nəhəng attraksion parkı 40-dan çox əyləncə obyektindən – attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları, kartinqdən ibarətdir.

Qəbələ özünəməxsus, dadlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır.

Həmçinin Qəbələ ölkəmizdə müxtəlif festifalların keçirilməsi ilə də məşhurdur. Avqust ayında Qəbələyə gələnlər qeyri-adi mürəbbə növlərinin dadına baxmaq üçün burada keçirilən Beynəlxalq Mürəbbə Festivalına baş çəkə bilərlər. Ötən il festivalda dünyanın 25 ölkəsindən və Azərbaycanın 45 şəhər və bölgəsindən 3500 növ mürəbbə təqdim olunub.

Ənənəvi mürəbbə növləri ilə yanaşı, burada ekzotik çeşidlər – kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq tumu, rozmarin, çuğundur və başqa inqrediyentlərin istifadə olunduğu mürəbbələrə də rast gəlmək olar.