20 Noyabr 2021

Sumqayıtda bir həftəsonu

Sumqayıtda bir həftəsonu

Əhali sayına və sənaye əhəmiyyətinə görə Bakıdan sonra ikinci böyük şəhərimiz olan Sumqayıt paytaxtdan 35 km şimalda, Abşeron yarımadasında yerləşir. Şəhərin inzibati ərazisinə qəsəbə tipli yaşayış massivləri, 20 mikrorayon və 65-dən çox şəhər məhəlləsi daxildir.

Belə bir deyim var ki, bir müddət Sumqayıtda yaşayan hər kəs hökmən bu şəhərə ömürlük bağlanır, özünü bu şəhərə həsr edir.

Bəs sənaye və ya kimyaçılar şəhəri adlandırılan Sumqayıtı insanlara bu qədər sevdirən nədir?

Daha çox sakitlik və bol yaşıllığı ilə tanınan bu şəhər son zamanlar yeni bulvarı, münasib qiymətli kafe-restoranları və gülərüz sakinləri ilə həftəsonunu xoş keçirmək istəyənlər üçün əvəzsiz məkanlardan olub. Şəhər sürət qatarları ilə paytaxt mərkəzindən cəmi 37 dəqiqə uzaqlıqdadır. Gündəlik olaraq səhər və axşam Sumqayıta komfortlu reyslər təşkil edildiyini nəzərə alsaq, gediş və gəliş üçün 2 manat ödəməklə günümüzü rahatlıqla Sumqayıtda keçirə bilərik.

Həftəsonu Sumqayıtda haraya gedək?

  • Sumqayıt bulvarı

Turunuza elə şəhərin mərkəzində yerləşən Sumqayıt bulvarı ilə başlaya bilərsiniz. Beləliklə siz həm bulvarda gəzərək Xəzəri seyr edə, həm də bulvarın əsas hissələrindən birini təşkil edən Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkını, eləcə də yenidən qurulmuş “Şəhidlər xiyabanı”nı ziyarət edə bilərsiniz.

Azərbaycanda rok musiqisinin lokomotivlərindən sayılan Sumqayıt məşhur “Miraj”, “Rovesnik”, “Sirr”, xüsusilə də “Yuxu” qrupları ilə tanınıb. Odur ki, bulvar meydanında dolaşan zaman nostalgiyaya qapılsanız, ağlınızın bir küncündə “Xəzərin sahilində” misraları təkrarlanacaq.

  • Sumqayıt Tarix Muzeyi

Getdiyiniz yerlərin tarixi ilə maraqlanmağı sevirsinizsə, Sumqayıt Şəhərinin Tarixi Muzeyinə baş çəkə bilərsiniz. 9 ekspozisiya zalından ibarət olan muzeyin əsas fondunda 15 min eksponat muzeydə mühafizə olunur.

  • Sülh göyərçini

Burada həmçinin Sumqayıtın simvolu olan “Sülh Göyərçini” abidəsi ucalır. Abidə şəhərin əsas rəmzlərindən biridir və Sumqayıtın sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. Əsərin müəllifi Vaqif Nəzirov qanadlanıb uçmağa hazırlaşan göyərçinin şəhəri ehtiva etdiyini bildirir.

  • Hacı Əmrulla və Hacı Məcid hamamları

Şəhərin Corat qəsəbəsi qutabından başqa hamamları ilə də məşhur olub. Burada yerləşən günbəzli Hacı Əmrulla hamamı hazırda dövlət tərəfindən mühafizə edilir. Hamamın XVII əsrdə tikildiyi qeyd olunur. Hacı Məcid hamamı isə XVI əsrdə tikilib və XX əsrin 90-cı illərinə qədər istifadə olunub.

 

  • Sumqayıt kanyonu

Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində Sumqayıt kanyonu adlandırılan təbiət abidəsi yerləşir. Təbiətsevərləri valeh edən bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur.

Sumqayıtçayın axdığı bu ərazidə süxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə külək sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daim davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır.

Corat qutabı yeməyək?

Sumqayıtda bir gün boyunca gəzib dolaşdıqdan sonra, yaxşı olar ki, axşam yeməyinizi elə şəhərin ənənəvi restoranlarından birində və ya dəniz kənarında yerləşən qutabçılarda yeyəsiniz. Əvvəldə qeyd etdiyimiz kimi, restoran qiymətləri daha münasib, təamlar isə ağız dadınıza uyğun olacaq. Yemək üçün nə sifariş verməyinizdən asılı olmayaraq turunuzu Corat qutabı yemədən tamamlayırsınızsa, onda növbəti həftələrdə yenidən bu şəhərə üz tutmalı olacaqsınız.