26 May 2021

Gəncədə gəzməli-görməli 10 yer

Gəncədə gəzməli-görməli 10 yer

Budəfəki səfərimiz keçmişlə bu günün vəhdətini daşıyan qocaman şəhər Gəncəyədir. Paytaxtı Gəncə ilə qovuşduran dəmiryol xətti tam yenilənib və artıq 2018-ci ildən şəhərə müasir standartlara cavab verən sürət qatarları hərəkət edir. Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı gündəlik əsasda fəaliyyət göstərir və Bakıdan 08:45-də yola düşən qatar həmin gün 18:30-da Gəncədən paytaxta doğru geri qayıdır. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edir.

4 vaqondan ibarət qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla, ümumi 364 yer. Qiymətlərə gəldikdə isə standart tarif üzrə 15 manat, biznes sinfi üçün 33 manat nəzərdə tutulub. Biletləri dəmiryol kassalarından və saytımızdan onlayn ala bilərsiniz.

Gəncə gəzməli-görməli yerlər baxımından o qədər zəngindir ki, şəhərin canına hopmuş tarixin qoxusunu hiss etmək üçün səfər planı quran zaman bir neçə günününüzü qabaqcadan ayırın. Onu da qeyd edək ki, tarixlə yanaşı həmçinin sizi müasir, dövrün tələblərinə cavab verən bir şəhər gözləyir. Son illər Gəncədə yeni parklar, istirahət və alış-veriş mərkəzləri, eləcə də, asudə vaxtlarınızı dəyərləndirə biləcəyiniz bir çox əyləncə imkanları yaradılıb. Odur ki, yolunuzu Gəncədən salmaq istəsəz, hazırladığımız bu virtual səyahətin faydalı olacağını düşünürük.

1. Nizami Məqbərəsi

Gəncə şəhərinin simvolu hesab edilən Nizami Məqbərəsini şəhərə ayaq basılan zaman ilk görüləcək məkan adlandırsaq heç də yanılmarıq. Şəhərin girişində, Əhmədbəyli kəndində yerləşən Məqbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami Məqbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərciyə çevrilib.

2. Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi

Tarixdən məlumdur ki, Gəncə qalasının beş qapısı olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb.

3. “Zəfər Tağı”

Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb.

4. Xan bağı

Xan bağı, bir başqa adı ilə Sərdar bağı Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşən bağ, 1847-ci ildə çarın Qafqazdakı canişini (“sərdarı”) knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınıb.

5. Butulka ev

Gəncə mərkəzində diqqətçəkən binalardan biridir. 1960-1964-cü illərdə 50 min şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

 

6. Cavadxan küçəsi

Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılan Cavad xanın adına salınnış küçə yenidənqurma işləri aparılaraq açıq səma altında zəngin muzeyə çevrilib. Bu küçədə ilk dəfə AXC dövründə Azərbaycan qəzeti dərc olunub.

7. Şah Abbas Məscidi

Gəncəlilərin “Cümə Məscidi” də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir.

8. Çökək hamamı

Çökək hamamı 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.

9. Göygöl və Maralgöl

1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl guşələrindən olan Göygöl və Maralgölün yaranmasına səbəb olub.

10. “Uğurlu xan” karvansarayı

“Uğurlu xan” karvansarayı Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var. Karvansara qədim memarlıq abidəsi olmaqla, tariximizin müəyyən dövrünü əks etdirir. Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar gələr, bu karvansarayda qalardılar.